Advertisement

Şotlandiya parlamentində təqdim olunan layihədə erməni lobbisinin izini görürük

“Şotlandiya Milli Partiyasının üzvü Kennet Gibson “Ermənistan-Azərbaycan münaqişəsi” ilə bağlı təşəbbüs layihəsi irəli sürüb. Şotlandiya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilən bu layihədə Azərbaycana qarşı əlaqəsiz, əsassız və tutarsız ittihamlar yer alıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Layihə mətni ilə tanış olan zaman burada birbaşa erməni lobbisinin izinin şahidi oluruq. Əvvəla onu qeyd etmək lazımdır ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları heç vaxt mübahisəli ərazi olmayıb və beynəlxalq hüququn bütün subyektləri, o cümlədən də Böyük Britaniya tərəfindən ölkəmizin ərazi bütövlüyü tanınıb. İkincisi, Azərbaycan regionda ərazini ələ keçirməyib, əksinə, beynəlxalq hüququ öz gücünə bərpa edərək ədalətin bərpa olunmasına nail olub. Mətndə yer alan daha bir ziddiyyətli məqam isə, guya Azərbaycanın etnik erməni əhalini zorla regiondan çıxarması ilə bağlıdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan etnik ermənilərə müraciət edərək vətəndaşlıq təklif edib. Vətəndaşlığı qəbul edən şəxslər milli kimliklərindən asılı olmayaraq, ölkəmizin digər sakinləri kimi ləyaqətli şəkildə bütün hüquqlardan yararlana bilirlər. Nəzərə almaq lazımdır ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda bir çox millətin nümayəndələri yaşayır və onların milli kimliklərinə görə heç vaxt problemləri olmayıb. Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur”, – deyə Ş. İsmayılov bildirib.

Onun sözlərinə görə, layihədə, həmçinin, Şotlandiya Parlamentinin regionda ədalətli və davamlı sülh arzu etdiyi ifadə olunur: “Nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının təşəbbüskarı məhz Azərbaycandır. Bu gün müzakirə olunan sülh müqaviləsi mətninin baza prinsipləri məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bundan başqa, əgər söhbət həm də öz arzuları ilə Azərbaycanı tərk etmiş etnik ermənilərin geri qaytarılmasından gedirsə, eyni zamanda vaxtilə Ermənistandan zorla qovulan yüz minlərlə azərbaycanlının da geri qayıtması məsələsi xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki bu, bütövlükdə regionda sülhün əldə olunmasının mühüm tərkib hissəsidir.

Erməni lobbisi hər zaman dünyada alət kimi istifadə olunub. Nəzərə alsaq ki, Şotlandiya Milli Partiyası 4 iyulda keçirilmiş parlament seçkilərində 47 yerdən 38-i itirib, partiya üzvləri bu vasitə ilə siyasi müstəvidə çırpınışlar edirlər. Amma onlar nəzərə almalıdırlar ki, Azərbaycan və Böyük Britaniya arasında kifayət qədər yüksək səviyyəli əlaqələr var və onların bu cür bəyanatları mövcud əlaqələrə heç cür uyğun gəlmir”.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması da bəyanatla çıxış edərək Şotlandiya Parlamentində deputat Kennet Qibson tərəfindən 2024-cü il sentyabrın 20-də təqdim edilmiş sənədi qətiyyətlə pisləyib.

Bəyanatda Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmaq tələb olunur.