
Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.6% təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı”nda bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin I yarımilində BOKT-lərin sayı 55, Kİ-nin (kredit ittifaqlarının) sayı isə 39 olmuşdur. Hal-hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. Yarımil ərzində BOKT işçilərinin sayı 153 nəfər artaraq 3442 nəfər, filiallarının sayı isə 12 ədəd artaraq 308-ə çatmışdır. 2024-cü ilin I yarımilində BOKT sektorunun balansı cəlb edilən vəsaitlərin kredit portfelinə yönləndirilməsi fonunda genişlənib. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 13% (95.5 mln. manat) artaraq 854 mln. manat təşkil etmişdir. Artımın əsas payçısı xalis kredit portfeli olub. Cari ilin I yarısı ərzində xalis kredit portfeli 13% (72 mln. manat) artıb ki, məbləğ ifadəsində artım əsasən istehlak kreditləri hesabına formalaşıb.

























