Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
31.08.2026 14:49 · Xəbər xətti

Milli Məclisin sədri Çinin Baş prokuroru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova avqustun 31-də Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Məlumatı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Görüşdə tərəflər Azərbaycan–Çin münasibətlərinin inkişafı və prokurorluq orqanları arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sahibə Qafarova parlamentin strukturu, qanun yaradıcılığı prosesi və Milli Məclisin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə konstruktiv əməkdaşlığı barədə məlumat verib.

Sahibə Qafarova 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini qeyd edib. O, həmçinin ali və yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsində rolunu vurğulayıb və Prezident İlham Əliyevin Çinə səfərlərini xatırlayıb.

Yinq Yonq səfəri çərçivəsində Azərbaycana gəlmədən öncə Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşdüyünü və onun salamlarını Sahibə Qafarovaya çatdırdığını bildirib. Baş prokuror iki ölkənin Baş prokurorluqları arasında imzalanmış sənədlərdən və əməkdaşlıq perspektivlərindən danışıb.

Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlıq, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakı və ölkənin Orta Dəhlizdəki rolu barədə fikir mübadiləsi aparılıb. Qonaqlar Milli Məclisin inzibati binasında plenar iclas zalına da baş çəkiblər və yaradılmış iş şəraiti ilə tanış olublar.

Mənbə: az.trend.az