Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupu növbəti iclasını video-konfrans formatında keçirib.
Səhiyyə Nazirliyindən bildirilib ki, iclas zamanı Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud vəziyyət və qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb; həmin regionda mövcud çətinliklər diqqətə çatdırılıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış elektron resurslar barədə məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi işçi qrupun son 6 aylıq fəaliyyətinin nəticələrinə dair təhlil təqdim edib; təqdim edilən hesabatlar nəzərdən keçirilib və müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
İclasın sonunda növbəti iclasın gündəliyinə daxil ediləcək məsələlər və hazırlıq işləri müzakirə olunub, işçi qrupun katibinə növbəti iclasın hazırlanması ilə bağlı tapşırıqlar verilib və iştirakçılar təkliflər səsləndiriblər.
Mənbə: az.trend.az
