Ağdamda mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Azərbaycan Respublikası Qeyri‑Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası altında “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” layihəsi çərçivəsində təşkil olunub.
Təlimlərdən biri Xıdırlı kəndində məskunlaşan sakinlərin iştirakı ilə, digəri isə yenidən qurulan Ağdam şəhər mərkəzində tikinti‑quruculuq işlərində çalışan şirkət əməkdaşları üçün keçirilib. Xıdırlı kəndində qeyd olunur ki, orada 2025‑ci ildə ilk köç həyata keçirilib.
Təlimdə layihə nümayəndələri və PSTM üzrə təlimçi iştirak ediblər. Təlim çərçivəsində minaların və partlamamış hərbi sursatların növləri, tələlər və sürpriz minalar, partlamamış hərbi sursatlar, mina riski olan ərazilərin əsas xüsusiyyətləri, şübhəli və təhlükəli obyekt aşkarlandıqda düzgün davranış qaydaları, təhlükəli ərazilərdən uzaq durma və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara məlumat verilib. Layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici formalar da paylanıb.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Ağdam, Ağdərə və Xocalı rayonları ilə Xankəndi şəhərində yaşayan, təhsil alan və qayıdış prosesində iştirak edən əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni genişləndirmək, insanların həyat və sağlamlığının qorunmasına və mina hadisələrinin sayının azaldılmasına töhfə verməkdir.
Mənbə: az.trend.az
