Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Sənədin mətni Prezidentin rəsmi internet saytında dərc edilib.
Sərəncama əsasən Dövlət Proqramı təsdiq olunur və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Agentliklə birlikdə proqram tədbirlərinin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Mənbə: az.trend.az
