Birləşmiş Ərəb Əmirliklərinin Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Azərbaycana səfər edib, məlumatı Müdafiə Nazirliyi yayıb.
Nümayəndə heyəti əvvəlcə Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin Hava Döyüş Komandanlığında olub. Onlara təlimin gedişi, qarşıya qoyulan tapşırıqlar və hərbi qulluqçuların birgə fəaliyyəti barədə məlumat verilib; qonaqlar şəxsi heyətlə görüşüb və təlimdə istifadə olunan aviasiya vasitələri və hərbi texnikalara baxış keçiriblər.
Daha sonra nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələr komandanlığını ziyarət edib. Burada onlara XTQ-nin fəaliyyəti barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Səfərin yekununda nümayəndə heyətinin rəhbəri Şərəf Kitabına ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Mənbə: az.trend.az
