Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda qəbul olunub. Trend-in iclasda iştirak edən müxbirinin məlumatına görə, sənəd Ədliyyə orqanlarının tibb xidmətində xidmət göstərən hərbi qulluqçuların hüquqi statusunu aydınlaşdırmağı və bu sahənin hüquqi mexanizmlərini təkmilləşdirməyi nəzərdə tutur.
Qanun layihəsinə görə, Silahlı Qüvvələrin ehtiyatındakı şəxslər tibb xidmətində vəzifəyə təyin olunandan sonra mövcud hərbi rütbələrinə uyğun xüsusi rütbələrlə təmin ediləcəklər. Ehtiyatdakı zabitlərə ilk xüsusi rütbə onların hərbi rütbələri üçün müəyyən edilmiş müddətin başa çatması halında bir pillə yüksək verilə bilər.
Layihə tibb xidmətinin hərbi qulluqçularının xidmət göstərəcəyi yerləri müəyyən edir: penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətləri, müəssisələrin tibb‑sanitar bölmələri və penitensiar müəssisələrin mühafizə və saxlanılan şəxslərin müşayiəti üçün yaradılan xüsusi bölmələrdə fəaliyyət göstərən tibb‑sanitar hissələr.
Sənəddə tibb xidmətinin hərbi qulluqçularının xidmət qaydalarının “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənəcəyi göstərilir.
Həmçinin layihədə bildirilir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəli ədliyyə işçiləri və dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunacaqlar. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mənbə: az.trend.az
