Füzuli şəhərinin günü münasibətilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin böyük zalında Füzuli Dövlət Dram Teatrının “Tıq-tıq xanım” tamaşası nümayiş etdirilib. Tədbir şəhər sakinləri, xüsusən də uşaqlar üçün təşkil olunub və tamaşa maraqla qarşılanıb.
Tamaşa məşhur Azərbaycan xalq nağılı əsasında səhnələşdirilib. Qoyuluşçu rejissor Nicat Mirzəzadə, səhnələşdirən Murad Mirzəzadə, quruluşçu rəssam Ellinaz Balaşova və musiqi tərtibatçısı Vüqar İsmayılov olub. Rejissor assistentləri Gülgəz Soltanova və Murad Mirzəzadə kimi göstərilib.
Səhnə əsərində rolları Xurşud Babayeva (Tıq-tıq xanım), Vüqar Babayev (Çoban), Sahilə Abbasova (Tülkü), Gülnar Quliyeva, Günay Çobanzadə (Pişik) və Vüqar İsmayılov (Siçan) canlandırıblar.
Tamaşanın süjet xətti Tıq-tıq xanımın dost axtarmaq məqsədilə yola çıxması və bu səfər zamanı qarşılaşdığı hadisələr üzərində qurulub. Görüşlər vasitəsilə uşaqlara dostluq, səmimiyyət və qarşılıqlı hörmət kimi dəyərlər çatdırılıb.
Xalq nağılının əsas məzmunu qorunub; tamaşada yeni obrazlar, musiqi, rəqs və yumoristik səhnələrdən istifadə edilərək təqdimat daha dinamik və uşaqlar üçün cəlbedici edilib.
Mənbə: az.trend.az
