
Zəngilan. Trend:
Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək və dünya üzrə iqlim
məsələlərinin, ekoloji problemlərin müzakirə olunacağı baş məkan
doğma Bakımız olacaq. Bu, ölkəmiz üçün qürurverici hadisədir və
Azərbaycanın dünyadakı nüfuzunun məntiqi nəticəsidir.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər
nazirinin müavini ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri Vüqar
Kərimov bu gün işçi qrupun Zəngilanda keçirilən iclasında
deyib.
“Növbəti əlamətdar hadisə bu ilin ölkə başçısının müvafiq
sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsidir.
Bu da bizim üzərimizə böyük məsuliyyət qoyur. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi bir çox aidiyyəti qurumlarla birgə bununla
bağlı tədbirlər planı hazırlayıb.
Həmin tədbirlər planında ölkə miqyasında, eləcə də Qarabağ və
Şərqi Zəngəzurda həyata keçiriləcək böyük layihələr yer alıb”, –
deyə V.Kərimov bildirib.



























