
Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla
bağlı qərarı münasibətlərin pozulmasını göstərir.
Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab
Rzayev bildirib.
O bildirib ki, ölkəmizə qarşı tətbiq olunan qərar xoş hal
deyil.
“Lakin AŞPA-nın qərarlarının da xüsusi bir əhəmiyyəti yoxdur. Bu
qurumun qərarları daha çox tövsiyə, məşvərət xarakteri daşıyır.
AŞPA Avropa İttifaqının icraedici və qanunverici mexanizmi deyil.
Bu qərar ölkəmiz üçün xüsusi əhəmiyyət daşımaya bilər. AŞPA Qərbdə
çox vaxt keçmiş dövlət xadimlərinin və digərlərinin yığışıb
müzakirə apardığı elit klubu xatırladır. Amma son dövrlər baş verən
hadisələr kompleks şəkildə baxdıqda bu çox ciddi addımdır.
Azərbaycanla Avropa İttifaqının qırılması həddinə gəlib çıxıb”, –
deyə o, əlavə edib.
Ekspertin sözlərinə görə, paralel olaraq Avropa Şurası açıqlama
verib ki, guya Azərbaycan Ermənistan ərazisini işğal etmək
istəyir.
“Bu onu deməyə əsas verir ki, Avropa İttifaqı sanki Azərbaycana
qarşı ümumtəzyiq mexanizmi kimi bu prosesi başladıb. Bundan başqa,
Fransanın ölkəmizə qarşı təklif etdiyi sanksiya məsələlərinə
qoşulmağa çağırması təhlükəli haldır. Burda da oxşar bir nüans
görürük. Son vaxtlar baş verənlər Qərbin Azərbaycana qarşı total
hücumu kimi görünür.
Avropa İttifaqı bu təzyiqləri etməkdə iki nüans ola bilər.
Birincisi Avropa Azərbaycanla Ermənistan arasında sürətli sülhün
tərəfdarıdırlar. Onla istəyirlər ki, tez bir zamanda sülh
müqavilsəi imzalansın. Azərbaycan bir sıra müqavilədə kompromislərə
getsin. Bunun nəticəsində onlar Cənubi Qafqazda möhkəmlənə
bilsinlər. İkinci məsələ isə Qərb istəyir ki, Azərbaycan Rusiyadan
uzaqlaşsın və İranla münasibətlərini dayandırsın. Daha çox Qərbə
yaxınlaşsın”, – deyə o, qeyd edib.





























