
Bakı Trend:
Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə
qoşulması ilə bağlı yeni qaydalar kommunal xidmətlərdən istifadə
imkanlarını asanlaşdıracaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, “Su təchizatı və tullantı suları haqqında” qanun
layihəsində edilən dəyişikliklərin mahiyyəti müraciət etmənin və
texniki şərtin almasının asanlaşdırılmasından ibarətdir.
“Bu da imkan verəcək ki, həm yaşayış yerlərində, həm də
qeyri-yaşayış obyektlərində daha qısa müddətdə və elektron
prosedurlardan keçməklə kommunal xidmətlərdən istifadə etmək mümkün
olsun. Bu da, təbii ki, həm də xərclərin azalmasına gətirib
çıxaracaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 16 fevral tarixində
keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən,
tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə
tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma
müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma
müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə
sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş
həyata keçirəcək.
Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka
ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100
kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək
tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma
işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya
müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan
mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində
tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və
ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi
ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki
şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri
və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su
təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki
qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.
Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış
həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud
şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su
təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma
xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə
sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı
müəssisələri tərəfindən həyata keçiriləcək.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı
sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətlərinə
görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin
layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı
sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri
sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri
tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.





























