Advertisement

Gürcüstan Aİ-yə üzvlük məqsədini saxlayır

“Biz Avropa İttifaqına daxil olmaq barədə bəyan etdiyimiz məqsədimizi hələ də saxlayırıq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İctimai telekanala müsahibəsində deyib.

O, Gürcüstanın 2030-cu ilədək Aİ-nin fəlakətli problemlərin öhdəsindən gələcəyinə və tendensiyaların dəyişəcəyinə ümid etdiyini bildirib.

Tbilisi-Vaşinqton münasibətlərinə də toxunan hökumət başçısının sözlərinə görə, Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etmək istəyir.

“Tərəfimizdən tam hazırlıq var. Əsas ABŞ-ın yeni administrasiyasından konkret addımları görməkdir. Biz strateji tərəfdaşlığın təmiz səhifədən bərpasının tərəfdarıyıq. Biz baş verənləri – inqilabın təşviqi, USAID və NED təşkilatlarının fəaliyyətini, bütün bu cür problemləri unudacağıq”, – o deyib.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bunu Tbilisinin strateji tərəfdaşlığın əsas prinsiplərini pozması ilə əlaqələndirib.