
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş
rayonu, Yeni yaşayış massivi adlanan ərazidə mağazada yanğın baş
verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən
xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə
Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
vətəndaşa məxsus ümumi sahəsi 800kv.m. olan ikimərtəbəli tikinti
materialları mağazasının ərazisində baş verdiyi və yayılma riskinin
yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində baş verən yanğın
genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti materialları mağazasının ərazisində
sahəsi 100kv.m. olan anbarın yanar konstruksiyaları və içərisində
olan tikinti malları 100kv.m. sahədə yanıb.
Mağaza, mağazanın qarşısına yığılmış tikinti malları və bitişik
tikilmiş ümumi sahəsi 100kv.m. olan avtomobil ehtiyat hissələrinın
satışı mağazası yanğından mühafizə olunub.

























