
Bakı. Trend:
Paytaxt ərazisində “taksi” sürücüsü və daha bir nəfərdən 14
kiloqram narkotik vasitə aşkar edilib.
Trend xəbər verir ki, bu
barədə DİN-dən bildirilib. Məlumata görə, Nizami Rayon Polis
İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən
həyata keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olan 1990-cı il təvəllüdlü Orxan Məmmədov və
1985-ci təvəllüdlü Ramin Səbbaqi saxlanılıblar.
O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12
kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7
kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi
aşkar edilib.
R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq
gotürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə
gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq
məqsədi ilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt
ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü
yaradaraq narkokuryerliklə məşğul olub.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri
davam etdirilir.

























