Advertisement

Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıb

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə alış-veriş məqsədilə yaradılan sosial şəbəkə
qruplarında vətəndaşlara qarşı dələduzluq edən 21 yaşlı Ümid
İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, Ü.İsmayılov əvvəlcə onlayn
satış etmək üçün işçi tələb olunması barədə elan verib.

Həmin şəxsləri aylıq maaş verəcəyi vədi ilə aldadaraq onlardan
müəyyən məbləğdə depozit alıb. Daha sonra o, tanınmış markaların
sosial şəbəkə səhifələrindən geyim fotoları köçürərək sosial şəbəkə
qruplarında paylaşıb. Alış-veriş etmək istəyən müştərilər ödənişi
Ü.İsmayılovun “işə götürdüyü” şəxslərin bank kartına, onlar isə öz
növbəsində saxlanılan şəxsin hesabına transfer ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bildirilib ki, Ü.İsmayılovun əməllərindən zərərçəkən başqa
şəxslər varsa, polisə müraciət edə bilərlər.