Advertisement

Xırdalanda yük avtomobilləri toqquşub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “KamAZ” markalı iki yük avtomobilinin toqquşması
nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobillərindən
birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı
vəziyyətdə qalan sürücü 2003-cü il təvəllüdlü Ələkbərov Əzim Elçin
oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.