
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və
dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində
səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam
etdirir.
Bu barədə Trend-ə FHN-dən bildirilib.
Bildirilib ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən
Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən
fərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurma
məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə
yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd
tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin
aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların
yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün
olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı
təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı
Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların
aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara
təqdim edilib.

























