Advertisement

Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid
Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən
qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda
araşdırma aparılıb.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlmata görə,
araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri
tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr
ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra
etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi
sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız
olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul
vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə
saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.