Advertisement

FHN Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində
yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend
verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in
Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17
boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində
baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş
yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları
ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış “OPEL ASTRA”
markalı minik avtomobili yanıb.

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər
nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər
birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi
15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.