
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bu çərçivədə, Dövlət
Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Bakı-Sumqayıt
şossesi, 13-cü kilometr ünvanında yerləşən “Bolluq LTD” MMC-yə
məxsus istehsalat sahəsində yoxlama zamanı yanğın təhlükəsizliyi
sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların
insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak
maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli
birləşmələrdən istifadə olunub;
– anbar sahələrində rəflərin ara məsafələri yanğınların
söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə
törədəcək əşyalarla tutulub;
– obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu
və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb;
– anbar tikililərindən birindən həm anbar, həm də istehsal
sahəsi kimi istifadə olunub;
– obyektin anbar sahəsində tezalışan materiallardan ibarət otaq
quraşdırılıb;
– istehsalat sahəsində quraşdırılmış taxta konstruksiyalar
odadavamlı məhlulla hopdurulmayıb;
– anbar və istehsalat sahələrinin bəzi çıxış qapılarının qarşısı
əşyalarla tutulub;
– obyektin ərazisində elektrik transformatorunun ətrafı
tezalışan yanar materiallardan təmizlənməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyektin istehsalat və anbar sahələrində daxili yanğın su
kranları tam quraşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü km ünvanında yerləşən
“Bolluq LTD” MMC-yə məxsus istehsalat sahəsinin fəaliyyətinin
dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi
obyektin nümayəndəsinə təqdim edilib.

























