
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin
xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin
minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi
əməliyyatlarını sürətlə davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, vətən müharibəsi
bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi
sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından
təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı Fövqəladə
Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi
təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş
istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su
hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş
şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən
“GCS-200” markalı kənardan idarə edilən müasir minatəmizləyən
robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda
iştirak edərək akkreditasiyadan keçiblər.
Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş
itlərdən də istifadə edilir.

























