Advertisement

Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların SON DURUMU

Bakı. Trend:

15.06.2024-cü il tarixində saat 18:30-da Qəbələ Dəmir Yolu
Vağzalının qarşısında baş verən yol-qəza hadisəsi nəticəsində 5
(hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb.

Trend xəbər verir ki, hadisə
yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan
2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi
yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan
1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili
qansızma, subtural hemafoma, soltərəfli pnevmohemotoraks, qapalı
döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və
Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq
qiymətləndirilir.

1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin
sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağı əzilməsi,
sol alın dərialtı hemafoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol
alın nahiyyəsinin səthi travması diaqnozu təyin olunub,
vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə
Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik
müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq
ambulator müalicə üçün evə buraxılıblar.

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə
Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində 2 həkim, 1 tibb
bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus
helikopterlə, 2 təcili tibbi yardım və 1 yerli həkim briqadasının
nəzarəti altında 16.06.2024-cü il tarixində saat 11:00 radələrində
Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla
təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata
keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik
göstəricilərini nəzarətdə saxlayıb.