
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın
təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin
görülməsini davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədə,
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu
rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi, 6 ünvanında yerləşən
Hüseynov Adil Əliş oğluna məxsus mebel istehsalı sexində yoxlama
zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud
olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf
mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı
müəyyən edilib.
Belə ki:
– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və
ilkin yanğınsöndürən vasitələrlə təchiz edilməyib;
– obyektdə mövcud odsöndürən balonların tərkibi dəyişdirilərək
yenisi ilə əvəzlənməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik
təsərrüfatına profilaktik baxış keçirilməyib;
– obyektdə istifadə olunan elektrik avadanlıqları artıq
yüklənmədən və qısaqapanmadan mühafizə məqsədilə qoruyucu
aparatlarla təmin edilməyib;
– obyektdə izolyasiyası zədələnmiş və nasaz elektrik
avadanlıqlarından istifadə olunur.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi,
6 ünvanında yerləşən Hüseynov Adil Əliş oğluna məxsus mebel
istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul
olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim
edilib.

























