Advertisement

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Bakı. Trend:

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil
edən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional
qrupundan Trend
verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin
kultivasiyasını təşkil edən Ceyhun Məmmədov saxlanılıb. Onun evinin
yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə
bitkisi aşkarlanıb.

Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanı
narkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov və
qohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16
kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotik
vasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etmək
məqsədi ilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb
olunduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.