Advertisement

Mingəçevirdə yataqxana binasında yanğın: sakinlər təxliyə edilib (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxana
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla
əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri
cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində
baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın
genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri
çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta
konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın
yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan
yoxdur.