Advertisement

®Zaur Şükürovun təşviqat kampaniyasına start verilib

47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən deputatlığa namizəd Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürovun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilib.

Bu barədə APA-ya Zaur Şükürov özü məlumat verib.

“Artıq bir müddətdir Azərbaycanda seçki kampaniyasına start verilib. Əlbəttə, biz də öz növbəmizdə seçkiqabağı təşviqat kampaniyası keçiririk. Kampaniya çərçivəsində keçirilən görüşlərdən belə qənaətə gəlmək olar ki, seçicilər deputatlığa namizəd olan şəxslə görüşlərə həvəslə qatılırlar və təmaslar interaktiv formada baş tutur”, – o bildirib.

Zaur Şükürov seçicilərin 1 sentyabrda, yəni səsvermə günündə də bu cür fəallıq nümayiş etdirəcəklərinə ümidvar olduğunu qeyd edib.

“Məlumat üçün bildirim ki, 25 ilə yaxın müddətdir diplomatik xidmətdə fəaliyyət göstərirəm. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışmışam. Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini), hazırda isə ölkəmizin Cənubi Afrika Respublikasındakı səfirliyində müvəqqəti işlər vəkili diplomatik missiyanın rəhbəri vəzifəsində çalışıram.

Fikrimcə, hər iki fəaliyyət çərçivəsində dövləti təmsil etdiyimiz qədər xalqı da təmsil etmək mümkündür. Diplomat dövlətin təmsilçisi olmaqla yanaşı, eyni zamanda, xalqın təmsilçisidir, çünki xarici dövlətlərdə çalışan bir diplomat dövlətimizin maraqlarını təmsil edərkən xalqımızın haqq səsini ali kürsülərdən fəaliyyət göstərdiyi ölkənin yerli ictimaiyyətinə çatdırmaq istiqamətində işlər görür.

Diplomatik xidmətdə çalışdığım 25 ilə yaxın dövrdə ölkəmizin zəngin tarixi-mədəni irsi, “Qan yaddaşı”mız, Azərbaycan həqiqətləri barədə məlumatların və doğma Vətənimizin haqq səsinin fəaliyyət göstərdiyim ölkələrin yerli ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparmışam. Bununla yanaşı, çalışdığım ölkələrdə yaşayan Azərbaycan icması və diaspor nümayəndələri ilə sıx əlaqədə olaraq onların qaldırdığı məsələləri daim diqqətdə saxlamış və vəzifə səlahiyyətlərimə və qanunvericiliyə uyğun həlli istiqamətində davamlı dəstək göstərmişəm”, – Zaur Şükürov fikrini yekunlaşdırıb.