
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində sursat aşkar edilməsi
barədə məlumat daxil olub.
Trend xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi
Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik
qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl
qumbarası, 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

























