
Bakı. Trend:
Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı
tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.
Trend xəbər verir ki, sərhəd zastavasının şəxsi heyəti
tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri
qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata
keçirilib.
İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının
“Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə
qaçmağa cəhd göstəriblər.
Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq
olunub.
Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri
relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq
geriyə qaçıb.
Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi
yardım göstərildikdən dərhal sonra Füzuli rayon Mərkəzi
Xəstəxanasına təxliyə olunub.
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan
Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300
qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək
məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli
kənd sakini 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və
Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Abdullayev
Məhəmməd Ramil oğlu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

























