
Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.
APA xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumatda bildirilib ki, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
20:28
30.05.2025-ci il saat 19:35-də minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər Tərtər Rayonu Qaradağlı kənd sakini, (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu haqda APA-ya Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1978-ci il təvəllüdlü şəxsə Sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.
Həmin şəxs daha sonra Bərdə Rayon mərkəzi Xəstəxanasına göndərilib.
***
20:09
Minaya düşən şəxs hadisə yerindən təxliyə olunaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılır.
Faktla bağlı araşdırma aparılır.
***
19:33
Tərtər rayonunda mina hadisəsi baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qızıloba ərazisində qeydə alınıb.
Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xətti hesab olunan ərazilərdə mal-qara oturarkən mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə yerinə aidiyyəti üzrə hüquq mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.

























