Advertisement

Bakıda 34 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Bakı. Trend:

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin
almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla
1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun
Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı
tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində
sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı
aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində
tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.