Advertisement

3 nəfəri qəsdən öldürməkdə, 5 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən il oktyabrın 28-də Sumqayıt şəhəri
ərazisində 6 nəfərə odlu silahdan xəsarət yetirilməsi faktı üzrə
şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı
tamamlanıb.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə,
istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar
Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı
həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün
hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan
atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan
Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz
vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və
köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən
öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi
amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi
öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla
və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi
öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan
vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə
cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə
və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı
qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə
ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.