
Bakı. Trend:
Azərbaycan Respublikasının Mədəniyyət Nazriliyi və “Bəhram
Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin təşkilatçılığı
ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
səhnəsində bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş
konsert keçirilib.
Trend xəbər verir ki, Bəhram Nəsibovun ilk bəstələdiyi “Qarabağ”
mahnısını bu gün Azərbaycanın ən məşhur nəğmələrindən biridir və
demək olar, II Qarabağ müharibəsinin himninə çevrilərək, müzəffər
ordumuzu qələbələrə ruhlandırıb və Qarabağ zəfərində rolu olub.
1965-ci ildə “Arşın mal alan” bədii filmində toy səhnəsində tar
ifaçısı kimi epizodik rola çəkilib. Xanəndəmiz Xan Şuşinskinin
Filarmoniyadakı studiyasında, sonralar Əhmədxan Bakıxanovun
ansamblında tarzən kimi fəaliyyətə başlayıb. 1968-ci il Hindistanda
keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyündə mahnıları
səsləndirilib.
1975 – 1993-cü illər Bakı şəhər İcraiyə Komitəsi Mədəniyyət
Şöbəsinin “Musiqi Orkestrləri Bürosu”nun tabeliyində fəaliyyət
göstərərkən “Şahnaz” instrumental ansamblını yaradaraq çıxışlar
edib, 2 dəfə fəxri fərman alıb. 1970 – 1980-ci illərdə müəllifi
olduğu bir çox “bəhri-təvil”ləri, novellalları Azərbaycan
televiziyası ilə məşhur gülüş ustalarımızın ifalarında yayımlanıb.
1982-ci il “Ovda” adlı bəhri-təvili “Kirpi” satirik jurnalının
mükafatına layiq görülüb. 1987-ci ildə Suraxanı rayonunun Zığ
qəsəbə klubunun dram dərnəyində Mirzə Fətəli Axundovun
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına rejissor kimi
quruluş verib. 1989-cu il Rəhbəri olduğu “Şahnaz” ansamblı ilə
Bolqarıstanda konsert səfərində olub.
1990-cı il “Respublika Aşıqlar Birliyi”nə üzv seçilib. 1991-ci
ildə, vətənin dar günündə bədii rəhbəri olduğu “Şahnaz” ansamblının
adını dəyişərək “Vətən” adlandırıb və cəbhə bölgələrində çıxışlar
edib. 1991-ci il Ankarada keçirilən “Azərbaycan günləri”
festivalında solist kimi iştirak eib. 1993-cü il Azərbaycanı yox
olmaq təhlükəsindən qurtaran xilaskar, Ümummilli liderimiz Heydər
Əliyevin hakimiyyətə qayıdışından fərəhlənərək, bu dahi şəxsiyyətin
şərəfinə şeirlər, mahnılar bəstələyib. Bu xilaskar qayıdışı
alqışlayan ilk sənət adamlarından olub. 1994-ci ildə haqqında ilk
dəfə “Ömrün izləri” adlı film çəkilib. 1998-ci il uzun sürən
xəstəlikdən sonra vəfat edib.
Müxtəlif illərdə xatirə gecələri təşkil edilib. 1998-ci ildə
“Səbuhi” səsyazma studiyasında “İnstrumental” adlı audio-kasset
buraxılıb. 2000-ci il Naxçıvan Universitetinin “Ünsiyyət”
nəşriyyatında pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun
“Nəğməli-sözlü Bəhram” adlı kitabı nəşr olunub. Kitaba daxil edilən
mahnıları ilə yanaşı lirikası, hekayələri, səhnəcikləri,
novellaları, parodiyaları, karikatura mövzuları, bəhri-təvilləri bu
gün də xalqımız tərəfindən böyük məhəbbətlə və rəğbətlə qarşılanır.
2009-cu il “TRT” kanalının ərsəyə gətirdiyi “Türk dünyasında
savaşların müzikteki izleri” adlı albom-diskinə Üzeyir Hacıbəylinin
və Bəhram Nəsibovun mahnıları daxil edilib. 2018-ci il “Bəhram
Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi (qeydiyyatdan
keçib) təsis edilib və bu günə qədər Azərbaycançılıq məfkurəsinə
xidmət edən layihələr icra edir.
Bəstəkar Azərbaycana aid olan bayramlara, əlamətdar hadisələrə
yaradıcılığında geniş yer ayırıb. Toxunmadığı sahə, mövzu demək
olar ki yoxdu. Məktəblilər üçün tərbiyəvi səciyyə daşıyan mahnı və
şeirlər, vətənə, təbiətimizə, bayrağımıza, təhsilimizə,
ziyalılarımıza və müəllimlərimizə, jurnalistlərimizə,
kosmonavtikaya, dilimizə, dinimizə, həkimlərimizə, qardaş Türkiyəyə
və qurucusu Atatürkə, Turançılıq mövzusuna, bu gün Türk dünyasında
aktual mövzuya çevrilmiş Zəngəzur mahalına, Ulu Öndərin təməlini
qoyduğu Ümid körpüsünə, 30 ildən sonra bayrağımızın dalğalandığı
Xankəndinə, musiqi və muğamımıza, ekologiyamıza, klassik dünya
şairlərinin sözlərinə, xarici ölkələrdə yaşayan həmyerlilərimizə,
uşaqlarımıza, gənclərimizə, zəhmətkeşlərimizə, 20 Yanvar və Xocalı
faciəsinə, Cənub həsrətinə, Qadınlar bayramına, Xalqlar dostluğuna,
Neftçilərimizə, Novruz və Yeni il bayramlarına, zəhmətkeşlərimizə,
saf sevgiyə, bütün iqtisadi rayon və əzəli ərazilərimizə, şəxs
adlarımıza, məzəli duetlərlə toy-düyünlərə, idman sahəsinə, işğal
olunan bölgələrə, əsgərlərimizi döyüşə ruhlandıran əsərlər, eləcə
də Qarabağ zəfərinin memarı olacaq şəxsə mahnı və marşlar yazıb.
Bəhram Nəsibovun bəstəkarlıq, ifaçılıq, şairliyi haqqında bu
sahələrin hər birində öz sözünü demiş dahi şəxsiyətlərimiz dəyərli
fikirlər söyləyib.
Xalqımızın sevimli sənətkarı Bəhram Nəsibovun yaradıcılığına
ölümündən sonra da dövlətimiz tərəfindən diqqət göstərilib. Onun
yaradıcılığına həsr olunmuş xatirə gecələri keçirilib, müxtəlif
televiziya kanallarında verilişlər təşkil olunub. Bu diqqət və
qayğıya görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
rəhbərliyi və kollektivi, Azərbaycan Televiziyasının rəhbərliyinə
ailəsi və bütün sənətsevərlər təşəkkür edir.
Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan
Dövlət Mahnı və Rəqs ansamblının İnstrumental heyətinin (bədii
rəhbər və baş dirijor: Azərbaycan Respublikasının Xalq artisti
Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir Ordubadi) və solistlər –
Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova,
Almaz Orucova, Sevinc Sarıyeva və Ehtiram Hüseynov, Respublika və
beynəlxalq müsabiqələr laureatı Vəfa Vəzirova, Fərhad
Allahverdiyev, Rəvanə Qurbanova, Hüseyn Məlikov, Ümidvar İsmayılov,
Günay İmamverdiyeva, Murad Laçınlı, Ayşən Eminli, Kamran Şəkərovun
ifasında “Güləndən sonra”, “Naçar gedər”, “Sən də həmdəm, mən də
həmdəm”, “Ay gecikən məhəbbətim”, “Xatırla məni”, “Elə bəndəm”,
bəstəkarın öz sözlərinə bəstələmiş olduğu “Var gülüşündə”. “Qal
sənə qurban”, “Eşqimin baharı”, “Deyin hardadır”, “Ay dəli ceyran”,
“Gözlərin”, “Səni qəmli görəndə”, “Qarabağ” mahnıları səslənib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az





























