Advertisement

Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” açılacaq

Bakı. Trend:

Heydər Əliyev Mərkəzi möhtəşəm heykəltəraşlıq nümunələrini
təqdim etməyə hazırlaşır. Mayın 23-də Mərkəzdə italiyalı
heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılacaq. Oktyabrın
26-nadək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə
müəllifin 40-dək əsəri nümayiş olunacaq. Əsərlərdən bir qismini
heykəltəraş məhz Bakı sərgisi üçün yaratdığından onlar ictimaiyyətə
ilk dəfə təqdim ediləcək.

Eskpozisiya Mərkəzin park əsazisində, foye və sərgi zalında
qurulacaq. Mərkəzin qarşısında yer alacaq 6 metr hündürlüyündəki
“Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna
daşıyır. Əsər “biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin
hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili
yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu
konsepsiyalarını qəbul etməyincə nə sülh, nə də mənsub olduğumuz
ətraf mühitə hörmət olacaq”- ideyasını çatdırır.

Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur
platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi –
Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb.
O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə
təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb.
Rəssam həykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və
zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli
yolunu təcəssüm etdirir.

Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı ABŞ, Almaniya,
Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük
Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya,
Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna
və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri
müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir.

Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə
edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında
səhnələşdirilmiş Bizenin “Karmen” operasındakı dekorasiyalar
Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu.
Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və
estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə
birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.