
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində tarzən, Əməkdar artist, Azərbaycan
Milli Konservatoriyasının professoru Həmid Vəkilovun 75 illik
yubileyinə həsr olunan tədbir keçirilib.
Trend xəbər verir ki, gecədə çıxış edən Beynəlxalq Muğam
Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə, Xalq
artistləri Vamiq Məmmədəliyev, Ağaverdi Paşayev sənətkarın həyat və
yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı
xidmətlərindən söz açıblar.
Bildirilib ki, tar ifaçılığında ənənə və novatorluqdan bəhs
edilərkən Həmid Vəkilovun adı xüsusi hörmətlə yad edilir. Bu gün
bir çox tarzənlər onun ifaçılıq xüsusiyyətlərindən bəhrələnir,
sənətdə qoyduğu yolu davam etdirirlər.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Səadət Təhmirazqızı novator tarzənin həyatından bəhs edən filmin
müəllifi kimi onu bir musiqişünas, pedaqoq, ifaçı, bəstəkar kimi
fəaliyyətindən danışdı. Bildirdi ki, müasir dövrümüzdə tar aləti
ifaçılıq sənətimizdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Həmid
Vəkilov sənətkarlığı, ifaçılıq mədəniyyəti də gələcək nəsillərə
ötürülərək əbədi yaşayacaq.
Tədbirin bədii hissəsində görkəmli tarzənlər Həmid Vəkilovun
müəllifi olduğu əsərləri səsləndiriblər.
Gecədə həmçinin Beynəlxalq Muğam Mərkəzi tərəfindən Həmid
Vəkilovun “Tar və simfonik orkestr üçün Konsert №2 “( tar və
fortepiano üçün klavir) əsərinin çap edilmiş not variantı da təqdim
edilib və gecənin sonunda Həmid Vəkilovun tarzən, Əməkdar artist
Sahib Paşazadəyə həsr etdiyi adıçəkilən əsərin 2 və 3-cü
hissələrinin ilk ifa videolenti nümayiş olunub.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az





























