Advertisement

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Bakı. Trend:

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev
Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

Trend xəbər verir ki, Heydər
Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin
təşkilatçılığı ilə baş tutacaq festivalda müxtəlif yaş
kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib
asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə
biləcəklər.

Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə
zonalara bölünəcək. Burada günün əsas qəhrəmanları olan uşaqlara
bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici
proqramlar təqdim olunacaq.

Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın
övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu
uşaqlar da iştirak edəcəklər.

Uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurularaq gənc
istedadların ifasında konsert proqramı təqdim ediləcək. Səhnədə
“Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin
“Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin
uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı,
“Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3
nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edəcəklər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial
Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl
dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri
ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29”
konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi
mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil
olunacaq. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri,
“Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların
ətraf mühitin qorunmasındakı rolu nümayiş etdiriləcək.

Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği
məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların
yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan
Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və
uşaqlar arasında yarışlar keçiriləcək, uşaqlara şahmat
yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz
bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı
yaradılacaq.

Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu
baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini
müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə
biləcək.

Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq
uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə
görüşünü, onlarla birlikdə əylənməsini təşkil edəcəklər.

“Street art” – küçə incəsənəti üçün ayrılacaq ərazidə uşaqlar
asfalt üzərində rəsmlər də çəkəcəklər. Azərbaycan Avtomobil
Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına
dair təlimlər keçiriləcək, Heydər Əliyev Mərkəzinin parkında kiçik
avtomobillərlə ralli təşkil olunacaq.

Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq
ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı
keçirəcək.

Daha bir maraqlı anlar uşaqları arxeoloji meydançada gözləyəcək.
Burada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından
müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları tədqiq
edəcəklər.

Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi
heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla
maariflənməsi isə “Safari tur” zonasında mümkün olacaq.

Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da
fəaliyyət göstərəcək.

Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da
yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı
uşaqların pulsuz göz müayinəsini aparacaq.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm
əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına
verilərək, onlara unudulmaz anlar yaşadılacaq.