
Bakı. Trend:
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin 2010-cu ildə
bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən yağış suları
qalanın ön divarlarından birinin uçmasına səbəb olub.
Trend xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin məlumatına görə, hadisədən dərhal sonra Naxçıvan
Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə
Təhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və
Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qala
divarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey
Kompleksinə vizual baxış keçirilib:
“Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə
düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün
yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön
hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub.
Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış
çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və
qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş
verib.
Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr
nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib.
Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzi
binaları uğursuz restavrasiya zamanı sökülüb, köhnə torpaq
divarlarına metal tor çəkilərək təbii sal daşı və sement əsaslı
tikinti materialları ilə üzlənib. Restavrasiya zamanı yol verilən
ciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir.
Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların
çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.
Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgün
restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə
lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın
keçirilməsi, təhlillərin aparılması təmin edilib”.





























