Bakı. Trend:
Bu gün Qərb dünyasının sahib olduğuna iddia etdiyi dəyər və
prinsiplərdən fərqli olaraq, dünyanın müxtəlif nöqtələrində baş
verən siyasi, ictimai hadisələrə sırf maraqlar və ikili standartlar
çərçivəsindən yanaşması getdikcə açıq xarakter alır.
Uzun illər ərzində Cənubi Qafqaz regionunda da ölkələrə
göstərilən qeyri-bərabər yanaşma artıq ayırıcı xətlərə çevrilmə
riski daşımaqdadır. Lakin burada qeyd etmək istədiyimiz mövzu
başqadır. Hazırda Qərb siyasətçiləri, o cümlədən, siyasi mərkəzləri
pro-qərb siyasi kurs nümayiş etdirən ölkələrdə baş verən korrupsiya
qalmaqallarına göz yumur və ya bu barədə danışmaqdan imtina
edir.
Hazırda bu tip korrupsiya hallarının davamlı olaraq inkişaf
etdiyi ölkələrdən biri də Ermənistan Respublikasıdır. Liberal
dünyanın əsas “fact checking” habı olaraq qəbul edilən jurnalist
araşdırmaları “demokratik” Ermənistanda hakim partiyanın maliyyə
maxinasiyalarını üzə çıxarıb.
Qeyd edək ki, əldə edilən məlumatlar aprel ayında Brüsseldə
Ermənistanın dayanıqlılığına dəstək məqsədilə keçirilməsi
planlaşdırılan Aİ-ABŞ-Ermənistan Yüksək Səviyyəli Birgə Görüşündən
əvvəl yayımlansa da, ortaya çıxarılan faktlara hər hansı reaksiya
və ya etiraz müşahidə edilmir.
Son illərdə ənənəvi xarici siyasət və təhlükəsizlik
arxitekturasında diversifikasiya etməyə cəhd göstərən Ermənistanın
Avropa İttifaqı və ABŞ arasında siyasi, diplomatik, o cümlədən,
təhlükəsizlik sahələrində əlaqələri getdikcə dərinləşməkdədir.
Məhz bu tendensiya Qərb dövlətlərinin Ermənistanın atdığı bəzi
addımlarına göz yumması, bu barədə danışmaq istəməməsi ilə
nəticələnməkdədir.
Cari ilin aprel ayının 5-də Brüsseldə Ermənistan Respublikasının
baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula
Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken arasında baş
tutan üçtərəfli görüşün mətbuata açıqlanan kommunike sənədində
müzakirə edilən mövzularla bərabər, rəsmi İrəvanın korrupsiya
sahəsində əldə etdiyi uğurlar sadalanır. Sitat:

“Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın
2018-ci ildən bəri demokratik və ədalətli islahatlar və
korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslı
irəliləyişləri etiraf edir və Ermənistanın demokratiya və qanunun
aliliyini daha da möhkəmləndirdiyinə görə ümumi dəyər və
prinsiplərimizə uyğun olaraq onunla tərəfdaşlıq və dəstək verməyə
davam etmək öhdəliyini ifadə edir”.
Adıçəkilən görüşdə tərəf olaraq iştirak edən Avropa İttifaqının
xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Jozef Borel isə çıxışı zamanı “Biz Ermənistanın
demokratiya, korrupsiya ilə mübarizə və qanunun aliliyinin bərqərar
olması istiqamətində səylərini alqışlayırıq” deyə
bildirib.
Beləliklə, Ermənistanda aparılan qərbmeyilli xarici siyasət
kursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasına
şərait yaradır. Lakin araşdırmalar nəticəsində ortaya çıxmış
aşağıdakı qanunsuz fəaliyyətlər Avropa İttifaqının xarici əlaqələr
və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin
simasında digər yüksək rütbəli Brüssel məmurlarının sözlərinin
yalan olduğunu təsdiqləyir.
Hakim “Mülki Müqavilə” partiyasının maliyyə
maxinasiyası
Cari ilin mart ayında Mütəşəkkil Cinayətkarlıq və
Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption
Reporting Project) və onun Ermənsitandakı yerli tərəfdaşı
tərəfindən Ermənistanın hakim partiyasının əldə etdiyi ianələrin
mənbəyi ilə bağlı araşdırma yayımlanıb.
Məlumat üçün bildirək ki, qlobalist, liberal dairələr tərəfindən
maliyyələşən mərkəz hazırda dünyada beynəlxalq qeyri-hökumət
təşkilatı statusunu daşıyır və bəzi ölkələrə qarşı siyasi təsir
aləti olaraq “istifadə” edilir. Ermənistandakı “demokratik” rejimin
yaradılmasından sonra ilk dəfədir ki, ölkədəki korrupsiya barəsində
qlobal mediada məlumatlar paylaşılır.
Ermənistanın hakim Mülki Müqavilə partiyası 2022-ci ildə 170
milyon dram (təxminən 420 min ABŞ dolları) məbləğində ianə qəbul
edib və bu rəqəm partiyanın analoji ildə büdcəsinin üçdə birindən
çoxunu təşkil edib. Lakin rəsmi maliyyə hesabatının araşdırılması
nəticəsində partiyanın maliyyələşməsi ilə bağlı ciddi suallar
ortaya çıxıb.
Araşdırmaçı jurnalistlərin Mülki Müqavilə partiyası tərəfindən
ianələr etdiyi rəsmən qeyd edilən şəxslərlə müzakirələri zamanı
onların bir qisminin bu tip maliyyə əməliyyatlarından ya xəbərsiz
olduqları ya da hadisəni xatırlamadıqları üzə çıxıb. Araşdırma
çərçivəsində məlumatları dəqiqləşdirmək üçün əlaqə yaradılan 31
donorun yarısı bu tip ianə etmədiklərini bildirib.
Məsələn, açıqlanan siyahıda öz partiyasının donoru kimi adı
keçən Ermənistanın Kotayk bölgəsinin Çarentsavan qəsəbə şurasının
üzvü Lilit Haroyan jurnalistlərlə müzakirə zamanı, baş verənləri
zarafat adlandıraraq, bu barədə ilk dəfədir ki, eşitdiyini
bildirib. Lakin rəsmi sənəddə qeyd olunur ki, o, Ermənistanın hakim
Mülki Müqaviləi partiyasının büdcəsinə bir milyon dram (təxminən 2
500 ABŞ dolları) maliyyə yardımı göstərib, halbuki o, həmin il
gəlirinin olmadığını bəyan edib.

Jurnalistlərin əlaqə saxladığı digər nümayəndə, Mülki Müqavilə
partiyasının açıqladığı maliyyə hesabatında 1,5 milyon dram
(təxminən 3 700 ABŞ dolları) məbləğində ianə etdiyi göstərilən Vedi
şəhər şurasının üzvü Serob Avetisyan isə məsələyə emosional
reaksiya verərək, sualdan yayınmağa cəhd göstərib. Sitat:
“Əgər siz həqiqətən də jurnalistsinizsə, mənim sizinlə
danışmağa vaxım yoxdur” Daha sonra media
nümayəndələri tərəfindən aparılan müzakirə zamanı Serob Avetisyan
partiyaya ianə etmədiyini bildirib.
Bildirək ki, açıqlanan maliyyə hesabatında Mülki Müqavilə
partiyası tərəfindən aparılmış şübhəli maliyyə əməliyyatları yalnız
partiyanın bələdiyyə şuralarının üzvləri ilə yekunlaşmır. Məsələn,
rəsmi sənədlərdə İrəvanın Avan rayon administrasiyasında sürücü
olaraq çalışan Sisak Şahbazyan tərəfindən 2022-ci ilin avqustundan
noyabrına kimi partiyaya ümumi həcmi 1,7 milyon dram (təminən 4 200
ABŞ dolları) məbləğində dörd köçürmə edilib. Cənab Şahbazyan
jurnalistlərin suallarını cavablandırarkən pulun ona məxsus
olmadığını və partiya üzvlərinin ondan bu məbləği köçürməsini
istədiklərini bildirib. Sitat:
“Yaxın dostlar (pulları) verdilər, mən onları
köçürdüm. Biz partiyaya ianə etdik ki, kirayə haqqını
ödəsinlər.”

Şübhəli maliyyə əməliyyatları Ermənistanın Taşir şəhər şurasının
üzvü Meline Sukiasyanın da başına gəlib. Belə ki, maliyyə
hesabatında xanım Sukiasyanın 2022-ci ilin oktyabr və noyabr
aylarında 3 milyon dram (təxminən 7 500 ABŞ dolları) dəyərində iki
ianə həyata keçirməsi qeyd edilir. O, məsələ ilə bağlı
jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Sitat:
“Belə pulum yoxdur, ianə edə bilməzdim. Mən
artıq onlara (Mülki Müqavilə partiyasına) etibar etmirəm. Əgər belə
sənədləriniz varsa mənə göndərin. Mən, adıma böhtan atılmasına
icazə verməyəcəm”.
Ermənistan hökuməti son illərdə korrupsiyaya qarşı mübarizə
çərçivəsində atdığı addımları ölkəni idarə etmiş keçmiş oliqarxik
elitanın siyasi-ictimai vəziyyətə təsirlərinin qarşısını almaq
məqsəd ilə etdiyini bildirir. “İslahatlar” çərçivəsində hüquqi
şəxslərdən nəğd pul və köçürmələrin qadağan edilməsi, habelə fiziki
şəxslərin maliyyə dəstəyinin məhdudlaşdırılmasından sonra hakim
partiyanın şübhəli maliyyə əməliyyatları həyata keçirməsi fərqli
mətləblərdən xəbər verir.
Məsələ ilə bağlı Transparency International
Anti-Korrupsiya Mərkəzinin Ermənistandakı icraçı direktoru
Sona Ayvazyan bildirir ki, “lazımi vəsaiti əldə etmək
üçün siyasi partiyalar çox güman ki, qanundan yan keçmək və
qeyri-qanuni sxemlərdən istifadə etmək yollarını
axtarırlar”.

Ermənistanın hakim Mülki Müqavilə partiyasının maliyyələşməsində
istifadə edilən qanunsuz üsullar və yuxarıda adları sadalanan sadə
vətəndaşların bu tip çirkli siyasi oyunlarda istifadəsi davamlı
xarakter alıb. Ermənistan hökuməti keçmiş avtoritar hökumətdən
fərqli olaraq özünü demokrat, xalqın təyin etdiyi hakimiyyət olaraq
adlandırsa da, korrupsiya əməllərinin sadəcə olaraq üslubu dəyişib,
ancaq mahiyyət eynidir.
Helsinki Vətəndaş
Assambleyası–Vanadzor qeyri-hökumət
təşkilatının demokratiya üzrə koordinatoru Vardine Qriqoryan isə
düşünür ki, ianələrin xarakteri partiyanın vəsaitlərinin mənbəyini
gizlətmək cəhdindən xəbər verir. O hesab edir ki, pul
“müxtəlif mənbələrdən nağd şəkildə alına, sonra isə öz
namizədləri adından partiyaya ötürülə bilərdi”.

Sual olunur:
Nikol Paşinyanın rəhbəri olduğu hakim siyasi partiya
hansı pullar hesabına ianə fəaliyyətini həyata
keçirir?
Adları çəkilən sıravi partiya nümayəndələrinin
adlarından istifadə edilərək, qanunsuz yollarla partiya büdcəsinə
“idxal edilən” pulların mənbəyi haradır?
Ola bilərmi ki, uzun illər ərzində erməni xalqının
boğazından kəsərək, sərvət toplayan keçmiş siyasi elitanın çirkli
pulları məhz bu yolla “ağardılır”?
Həm də Paşinyan iqtidarının lehinə
İstənilən halda ortaya çıxarılan danılmaz faktlar “demokratik”
Ermənistan hökumətinin korrupsiya ilə mübarizədə səsləndirdiyi
bəyanatların əslində populizm olduğunu göstərir.
Qlobal donorlar hesabına yaradılan Mütəşəkkil
Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and
Corruption Reporting Project), habelə Transparency
International və Helsinki Vətəndaş
Assambleyası kimi qeyri-hökumət təşkilatlarının
Ermənistandakı korrupsiya haqqında rəyləri isə Qərb bürokratları və
siyasətçiləri tərəfindən qulaqardına vurulur.
İlk hissənin sonu.
Ardı var…Növbəti hissədə Ermənistan hakim partiyasının digər
korrupsiya qalmaqalları və bu prosesdə iştirak edən bank haqda
məlumatlar təqdim ediləcək.





























