
Bakı. Trend:
Çexiya və Azərbaycan kiçik su elektrik stansiyalarının (SES)
tikintisində əməkdaşlıq edə bilər.
Bu barədə Trend-ə Çexiyanın Sənaye və Ticarət Nazirliyindəki
mənbədən bildiriblər.
“Çex Respublikası və Azərbaycan arasında əməkdaşlığa fokuslanmaq
üçün bir sıra mühüm tədbir və mexanizmlər öyrənilir. Energetika
sahəsində Çexiya-Azərbaycan sazişinin imzalanması gələcək
əməkdaşlığın əsasını qoyub. Birgə işçi qrupun mart ayında keçirilən
ilk iclası bu əməkdaşlığın gələcək inkişafı üçün uyğun platforma
olacaq.
Birgə seminarlar, konfrans və forumlar enerji sektorunda biznes
strukturları arasında əlaqələrin qurulmasına imkan yaratmaqla,
təlim və inkişaf proqramları üçün imkanlar yaradır”, – deyə
nazirlikdən qeyd edilib.
Mənbənin sözlərinə görə, Çexiya bərpa olunan enerji, o cümlədən,
bioenergetika və tullantıların utilizasiyası sahəsində öz təcrübə
və texnologiyalarını bölüşməyə hazırdır.
“Əməkdaşlıq kiçik SES-lərin inşasını və Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
(BEM) istifadə üzrə Dövlət Proqramına dəstəyi özündə əks etdirir.
Hidrogen və ekoloji cəhətdən təmiz ammonyak istehsalı və istifadəsi
sahəsində perspektiv əməkdaşlıq, eləcə də, hidrogen
strategiyalarının hazırlanmasında təcrübə mübadiləsi əməkdaşlığımız
üçün əlavə imkanlar yaradır. Bu ilin iyun ayında Bakı Enerji
Həftəsində bizə bununla bağlı yardım edə biləcək əsas tədbirləri
müzakirə etmək imkanımız olacaq”, – deyə o qeyd edib.
Mənbə qeyd edib ki, Çexiya və Azərbaycan arasında enerji
sektorunda əməkdaşlıq müsbət inkişaf edir və hər iki tərəf BEM və
aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlığın
möhkəmləndirilməsinə fokuslanıblar.
“Onların enerji daşıyıcılarının tədarüklərinin
şaxələndirilməsində və enerji sektorunda yeni layihələrin
hazırlanmasında ümumi marağı enerji təhlükəsizliyi və dayanıqlı
inkişaf üçün bu ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayır.
Çex Respublikasının Azərbaycandan neft və qaz idxalını dəstəkləməsi
tədarük marşrutları və mənbələrinin şaxələndirilməsi üzrə strateji
səyləri əks etdirir. Bundan başqa, hər iki tərəf innovasiya və
texnoloji tərəqqidə, o cümlədən, hidrogen və ekoloji cəhətdən təmiz
ammonyak kimi sahələrdə əməkdaşlıqda maraqlıdır”, – deyə mənbə
bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanda bərpa olunan enerji
mənbələrinin ümumi quraşdırılmış gücü 1688 meqavatt və ya ölkənin
enerji sisteminin ümumi gücünün 20,3 faizini təşkil edir.
Azərbaycan, o cümlədən, günəş enerjisi (230 meqavatt gücündə
Qaradağ AES) və su elektrik enerjisi olmaqla, 363 meqavatt əlavə
edərək BEM sahəsində fəaliyyətini gücləndirib. Ölkə 2027-ci ilə
qədər enerji balansında BEM-in payının 30 faizə çatmasına olmaq
məqsədinə doğru irəliləyir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) son hesabatı
dünya enerji balansında BEM-in payının 3870 qiqavatt artdığını
göstərir ki, bunun da 1454 qiqavattı Çinin payına düşür.
2023-cü ildə Azərbaycan BEM hesabına 2,116 milyard kilovatt-saat
(elektrik enerjisi istehsalının ümumi həcminin təqribən 10 faizi)
elektrik enerjisi istehsal edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























