
Bakı. Trend:
Cari ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər
Konfransının (COP29) uğurlu və müsbət təsirlərinin təmin edilməsi
məqsədilə tədbirə ev sahibliyi edən ölkəmiz tərəfindən aktiv
hazırlıq işləri davam etdirilir.
Bu barədə Trend-ə COP29-un Təşkilat Komitəsindən bildirilib.
Bildirilib ki, xarici ölkələrin nümayəndə heyətlərinin
konfransın Mavi Zonasında rəsmi müzakirələrdə iştirakının təmin
edilməsi ilə yanaşı bu mötəbər tədbirin bir hissəsi olmaq,
tərəfdaşlıq, sponsorluq və sərgiləmə imkanlarını dəyərləndirmək
istəyən müxtəlif təşkilatların da maraqları nəzərə alınaraq COP29
çərçivəsində təşkil ediləcək Yaşıl Zona üzrə müraciətlərin qəbulu
açıq elan edilir.
“COP29 Sədrliyi tərəfindən təşkil olunan Yaşıl Zona dünyanın ən
mühüm iqlim konfransını ziyarət edəcək qonaqların bu istiqamətdə
fəaliyyətini genişləndirmək və iqlim dəyişmələrində individual
dialoqu təşviq etmək üçün fəaliyyət göstərəcək. Yaşıl Zona öz
fəaliyyətində iqlim dəyişmələri ilə mübarizə addımları sərgiləyən
və bu istiqamətdə ixtisaslaşan qurumlara öz təcrübələrini, bu
sahədə innovativ məhsul və həll yollarını paylaşmaqla qlobal
auditoriya qarşısında öhdəliklərinin nümayişinə və eləcə də dövlət
və özəl qurumlar arasında əməkdaşlığa şərait yaradan platforma
rolunu oynayacaq. Ərazi dövlət və özəl sektorlar, hökumətlər,
BMT-nin ixtisaslaşmış qurumları, hökümətlərarası təşkilatlar,
QHT-lər, akademik dairələr, incəsənət xadimləri və vətəndaş
cəmiyyətinin müxtəlif maraqlı tərəflərini vahid məqsəd ətrafında
bir araya gətirəcək məkan kimi çıxış edəcəkdir.
Qlobal iqlim fəaliyyəti təşəbbüslərini inkişaf etdirmək və bu
istiqamətdə real həlləri təşviq etmək məqsədi ilə interaktiv
sərgilər, konfranslar, seminarlar, panel müzakirələri, eləcə də
yaradıcı incəsənət instalyasiyaları, mədəni tədbirlər və çıxışların
yer alacağı bu məkan noyabr ayında iqlim fəaliyyəti üçün əsl
dinamik mərkəzə çəvriləcəkdir. Bakı Stadionu ətrafında Mavi Zonaya
çox qısa məsafədə yerləşəcək bu ərazi öz miqyası və dizaynı ilə hər
kəsin birgə fəaliyyəti üçün əlçatan və inklüziv şərait təmin edəcək
və iqlim problemlərinin həllində maraqlı olan geniş ictimaiyyət
üçün açıq olacaqdır.
Bütün bunlar nəzərə alınaraq, maraqlı təşkilatların Yaşıl
Zonadan yüksək fayda əldə etməsi və buradakı imkanlardan səmərəli
şəkildə yararlanması, eyni zamanda Yaşıl Zona üzrə fəaliyyətin
operativ və keyfiyyətli idarə olunması məqsədilə yaradılan www.cop29greenzone.com onlayn platforması
istifadəyə verilmişdir. Təşkilat və qurumlar müxtəlif fərqli
tərəfdaşlıq, konfrans və sərgi formatında iştirakçılıq təklifləri
ilə bağlı məlumatları portal vasitəsilə rahatlıqla əldə edə
bilərlər. Portal potensial tərəfdaşların hədəflərinə uyğun hər bir
məlumatı, Yaşıl zonada qurulacaq pavilyonlar və COP29 Sədrliyinin
iqlim fəaliyyəti təşəbbüslərini özündə əks etdirir, eyni zamanda
innovativ yanaşma və texnologiyaların nümayiş etdirilməsi üçün
geniş sərgi məkanında müxtəlif texniki parametrlərə uyğun yerlərin
ayrılmasına da şərait yaradır.
Yaşıl Zonada təmsil olunmaq istəyən maraqlı tərəflər qeyd edilən
platforma http://www.cop29greenzone.com vasitəsilə rəsmi
müraciətlərini təqdim edə bilərlər.
Qeyd edək ki, müaraciətlərin qəbulu 10 iyul 2024-cü il
tarixinədək davam edəcək. Yaşıl Zona ilə bağlı yarana biləcək
sualların cavablandırılması üçün isə iştirak etmək istəyənlər
[email protected] elektron
ünvanına öz sorğularını yönləndirə bilərlər”, – məlumatda
deyilir.


























