Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COP29-a Aparan Yol:
Dayanıqlı və Davamlı Gələcək” başlıqlı Yüksək Səviyyəli
Toplantısının ikinci günü keçirilir.
Trend xəbər verir ki, Mərkəzin üzvləri COP29-un uğurlu olmasına və
Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə
töhfə verməsinə dəstək məqsədilə aktiv surətdə işləyirlər.
Mərkəzin üzvləri COP29 ilə əlaqədar BMT-nin bir çox qurum
rəhbərləri ilə görüşlər keçirir, beynəlxalq tədbirlərdə çıxış edir
və BMT Baş Katibinin ofisi ilə işləyərək “Gələcəyin sammit”ində
COP29 məsələsinin qaldırılması üzərində danışıqlar aparırlar.
Tədbir 20-ə yaxın ölkədən iqlim dəyişikliyi və dayanıqlı inkişaf
sahəsində zəngin təcrübə və qlobal perspektivə malik dünya
liderlərini bir araya gətirib.
Tədbirdə mitiqasiya və adaptasiya, maliyyələşdirilmə, iqlim
dəyişikliyi və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə
olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırki
vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular
müzakirə olunur.
Tədbir çərçivəsində müzakirələr Zəngilan rayonunda davam
etdiriləcək.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda
COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə
fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində
mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək
üçün çoxşaxəli yanaşmanı əhatə edir.
Xəbər yenilənəcək


























