
Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci
iclasında iştirak etmək üçün Çin Xalq Respublikasının Makau Xüsusi
İnzibati Bölgəsinə işgüzar səfərə gedib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 18-də
Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun
birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq
ilə ikitərəfli görüş keçirib.
Nümayəndə heyətini səmimi salamlayan Baş prokurorun birinci
müavini və Makaunun Baş prokuroru Azərbaycan və Çinin dost
dövlətlər olduğunu bildirərək, bir çox sahəni əhatə edən uğurlu
əməkdaşlığın davam etdirildiyini vurğulayıblar.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını
bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli
əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu
öndər Heydər Əliyevin, hazırda isə Prezident cənab İlham Əliyevin
və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən
siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin
yüksələn xətlə və uğurla inkişaf etdiyini vurğulayaraq,
Azərbaycanın vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü daim
dəstəklədiyini vurğulayıb.
Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində
Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və
Ümumi Yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı
həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və
institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar
çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir
mübadiləsi aparıblar.
Elə həmin gün ölkəmizin Baş prokuroru Kamran Əliyev Çinin Makau
Xüsusi İnzibati Bölgəsinin İcra Hakimiyyətinin başçısı Ho İat Senq
ilə görüşüb.
Baş prokuror keçirdiyi görüşlərdə Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə
bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə
Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığını
bildirilərək, bu proseslərdə Çin şirkətlərinin də yer aldığını qeyd
edib.
Kamran Əliyev həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un
ölkəmizdə keçiriləcəyi barədə həmkarlarına məlumat verib.
Nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam
edir.





























