Advertisement

“Xəzər səması-2024” birgə taktiki təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ)
Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava
hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, taktiki
təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və
gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş
aparatları cəlb edilib.

Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən
ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus
sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji
infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti
düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş
tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə
yetiriblər.

Bundan başqa təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə
dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya
əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə
icra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi
heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək
peşəkarlıq nümayiş etdirib.