
Bakı. Trend:
Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə
heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin
57-ci iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun
olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən
islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi
töhfə haqda məlumat verib.
Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un
ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə
Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin
dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi
olduğunu xüsusilə vurğulayıb.
İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər
vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi,
hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın
növbəti illik iclas və konfranslarının keçirilməsi və digər
məsələlərə baxılıb.
Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev
yekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinə
vitse-prezidenti seçilib.
İclasda həmçinin cari ilin 29 sentyabr – 2 oktyabr tarixlərində
ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi
Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq
Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı Müstəqil
Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquq
mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə
önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin
perspektivlərindən danışıb, uzumüddətli institusional əməkdaşlığın
təsis edilməsinin zəruriliyini vurğulayıb.
Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlu
fəaliyyətini yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçün
qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə
qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.
Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq
Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli
əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün
faydalı olacağını bildirib.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq
Respublikasına işgüzar səfəri başa çatıb.





























