Advertisement

Bu ilin birinci rübündə qeydə alınmış cinayətlərin 85 faizi açılıb

Bakı. Trend:

2024-cü ilin birinci rübündə Daxili İşlər Nazirliyi və
prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiya
iclasında nazir Vilayət Eyvazov deyib.

“Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər
vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar,
soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından
istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə
münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və
yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd
əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə
olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin,
onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların,
hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal
dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu
cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat
hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında
14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə
alınıb.

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən
müraciətlərə baxılmasının vəziyyətinə toxunan Nazir bu
istiqamətlərdə nəticələrin müsbət olduğunu, cinayət yolu ilə
şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizinin
istintaq prosesində ödənildiyini nəzərə çatdırıb”, – deyə nazir
qeyd edib.