
Bakı. Trend:
Erməni sapyorlar Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs
Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə
başlayıblar.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanla yeni sərhəd bu ərazidən keçəcək.
Hazırda ərazidə 25-ə yaxın erməni sapyorun işlədiyi bildirilib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























