Advertisement

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana yollanıb

Bakı. Trend:

Rusiya sülhməramlıları Qarabağdan Gorus və Qarakilsədəki
(Sisian) müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.

Trend xəbər
verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryan “Armenpress”ə deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiyanın sülhməramlı
kontingenti üçün müvəqqəti dislokasiya məntəqələri ayırıb.

“Həmçinin Laçın dəhlizinin normal fəaliyyəti üçün yer seçilib.
Rusiya sülhməramlıları Qarabağı tərk etdiyindən, Ermənistanda da
qala bilməzlər. Qarabağı tərk edən sülhməramlı kontingentinin
buraxılması üzrə işlərin təşkili üçün sülhməramlılardan ibarət qrup
və avtokolon Gorus və Sisiandakı müvəqqəti dislokasiya
məntəqələrinə yola düşüb”, – o deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsü
Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan
çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə
məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası
sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl
çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar
qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya
Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq
tədbirləri həyata keçirirlər.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun