Advertisement

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırıldı (VİDEO)

Bakı. Trend:

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırılıb.

Trend xəbər verir ki, bu barədə görüntülər erməni KİV-də
yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini
Şahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir ki,
2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə
əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində
ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi
davam edir.

Əlavı edilib ki, bu gün Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə
əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert
qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların
dəqiqləşdirilməsi prosesinə başlayıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.