Advertisement

Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal ekoloji problemlərin həllində iştirak edir – “Energy Intelligence” redaktoru

Bakı. Trend:

COP29 Azərbaycanın özünü qlobal ekoloji problemlərin həllində
iştirak edən ölkə kimi dünyaya tanıtması üçün bir fürsətdir.

Bu barədə Trend-ə Londonun “Energy Intelligence” nəşriyyatının
redaktoru Maykl Ritçi deyib.

“Noyabr ayında COP29 keçiriləndə bütün diqqət Azərbaycana
yönələcək. Tədbir on minlərlə jurnalist, iştirakçı və nümayəndənin
iştirakı ilə keçiriləcək. Həmçinin neft və qaz istehsalçısının
iqlim danışıqlarında niyə iştirak etdiy ilə bağlı suallar olacaq.
Lakin COP29 həmçinin iri neft və qaz istehsalçısı olan Birləşmiş
Ərəb Əmirliklərində konfransdan dərhal sonra keçirilir. Əslən
olduğum Böyük Britaniya da neft və qaz istehsalçısıdır və bu
konfransa ev sahibliyi edib. COP29 Azərbaycanın özünü dünyaya
qlobal ekoloji problemlərin həllində iştirak edən ölkə kimi
tanıtması üçün imkandır”, – Ritçi deyib.

Onun sözlərinə görə, COP29-un keçirilməsi maliyyə məqsədlərinə
nail olmaq və iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi
məqsədilə ola bilsin ki, inkişaf etmiş ölkələrdən əlavə vəsait əldə
etmək üçün son dərəcə vacibdir. Həmçinin burada Braziliyada
keçiriləcək COP30 tədbirinin təməli qoyulacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun