
Bakı. Trend:
Ermənistanın müxalif “Hayastan” fraksiyasının rəhbəri, keçmiş
müdafiə naziri Seyran Ohanyan və fraksiyanın bir sıra digər
deputatları Tavuş vilayətinin Kirants kəndinə gedib.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, onlar Ermənistan-Azərbaycan sərhədlərinin
delimitasiyasına qarşı çıxan etirazçılarla görüşüb.
Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası
barədə razılığın əldə olunduğu və iki ölkə arasında münasibətlərin
normallaşma istiqamətində irəlilədiyi hazırkı şəraitdə Ohanyan və
müxalif fraksiyanın digər nümayəndələrinin bölgəyə səfəri müsbət
heç nə vəd etmir. Etirazçılarla görüşən Seyran Ohanyanın vəziyyəti
gərginləşdirmək üçün onlara göstərişlər verdiyi də istisna
edilmir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























